Əvvəlki məqaləmdə, data ilə idarə olunan təşkilatın xüsusiyyətlərini göstərdim, bu xüsusiyyətlərin praktik nəticələrini paylaşmağa çalışdım. Datalara əsaslanan təşkilata çevrilməni asanlaşdırmaq üçün lazım olan əsas elementləri vurğuladım. Bununla belə, nəzərə almalıyıq ki, düzgün əsaslara sahib olmaq işin hələ bir hissəsidir. Texnologiyalar və onların uğurla tətbiqinə imkan yaradan amillər hər nə qədər optimal olsa belə, düzgün yanaşmalar tapılmasa, onlardan istifadə yenə qeyri-adekvat ola bilər. Datalara əsaslanan təşkilata nail olmaq rəhbərlər və işçi heyəti qarşısında daha çox tələblər qoyur. Dataya əsaslanan imkanları özündə cəmləşdirmiş biznes liderliyi burada xüsusilə mühümdür. Bir çox təşkilatlar məlumatların əhəmiyyətini və onların strateji rolunu qəbul edirlər. Amma bunu qəbul etmələri reallıqda öz əksini tapırmı?
Bu məqalədə mən biznes liderlərinin datayönümlülük səviyyəsini müəyyən etmək məqsədilə 10 sual təqdim etməyi hədəfləyirəm. Bu suallar datalara əsaslanan düşüncə tərzini inkişaf etdirməyin, həqiqətən, nə demək olduğunu aydınlaşdıracaq.
1. Məlumat və analitikadan istifadə etməyin vacibliyindən xəbərdarsınızmı və komandanız daxilində məlumatlara əsaslanan qərarların qəbul edilməsinin vacibliyini vurğulayırsınızmı?
2. Müəssisə səviyyəli idarə panellərindən istifadə etməklə biznesinizin Əsas Performans Göstəriciləri (KPI), əsas ölçülər və tendensiyalar müntəzəm nəzərdən keçirilirmi?
3. Kampaniyalar, yaxud kommunikasiya tədbirləri həyata keçirilərkən effektivliyi başa düşmək və ölçmək üçün “Nəzarət Qrupu” yanaşması davamlı tətbiq edilirmi?
4. Yeni məhsul, xidmət və ya funksiyanı işə salmazdan əvvəl onun performansını yaxşılaşdırmaq üçün A/B testi keçirirsinizmi?
5. Müştərini aktiv şəkildə dinləyir və əlaqəni gücləndirmək üçün müştərinin xidmət və məhsullarınızla bağlı hər ehtiyacına uyğun cavab verirsinizmi?
6. İşə qəbul etdiyiniz əməkdaşlar data bacarıqlarına görə qiymətləndirilirmi, onlar üçün təlim sessiyaları və ya seminarlar keçirmək üçün aktiv planlarınız varmı?
7. Komandanızın Data və ya İT tərəfdaşlarınızın köməyinə ehtiyac olmadan lazımi məlumatlara daxil olmaq imkanı varmı?
8. Məlumat ehtiyaclarını və yaranan sualları müzakirə və həll etmək üçün data üzrə tərədaşlarla müntəzəm qarşılıqlı əlaqə varmı?
9. Biznes ölçülərini təkmilləşdirmək üçün ideyalar, yeni fərziyyələr fəal şəkildə yaradılır, yeni data mənbələri təklif olunur və Süni İntellektdən istifadə edilirmi?
10. Komandanızın yaratdığı /istehsal etdiyi məlumatlara sahiblik, onun keyfiyyətinə nəzarət edirsinizmi? Keyfiyyətlə bağlı problemlər yarandıqda onları düzəltməkdən ötrü qabaqlayıcı tədbirlər görürsünüzmü?
23 Aug 2024
23 Aug 2024
25 Mar 2025